Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir: 'Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz'. Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.