1979 Bizi bağışlayın Filmdə çox aktual mənəvi-etik məsələyə toxunulur.[1] Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. İnsan haradan harayadək yüksəlməsində xidməti olan bəzi insanları, xüsusən də həyata və elmə dair təməl bilikləri aldığı müəllimləri unudur. Müəllim isə şöhrətlənən şagirdlərini unutmur.
Filmdə məşhur alimin illər sonra pensiyaya çıxmış orta məktəb müəllimi ilə görüşündə yaşadığı sarsıntı ön plana çəkilib. Sadə, qocafəndi ömür sürən Mariya Petrovna (Yelena Fadeyeva) öz puluna keçmiş şagirdi Nərimanın (Həsən Məmmədov) kitabını da alıb. Nəriman həmin kitabı görəndə xatırlayır ki, böyük uğur qazanarkən doğma şəhərindən ona təbrik teleqramını adını unutduğu və bu üzdən cavab vermədiyi müəlliməsi vurubmuş. Xatirələrlə dolu söhbət məşhur şagirdin unudulmuş müəllimənin dolabındakı həmin kitaba «Bizi bağışlayın» etirafını yazması ilə bitir.
1978 Dantenin yubileyi Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu, sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır.