1996 Özgə vaxt Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək 'atasının vaxtı' ilə yaşayır.
İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir.
1993 Təhminə Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu Zaur atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım (Zərnigar Ağakişiyeva) və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur
Bir müddət sonra Təhminəni iş yerindən Moskvaya peşəkar təyinatla göndərirlər. Zaur Təhminəni o qədər çox sevir ki, onun ardınca Moskvaya gedir.
Zaurun ailəsi onun Təhminə ilə romantik münasibətini pisləyir və Zauru ailə dostunun 19 yaşlı qızı Firəngiz (Laura Rzayeva) ilə əvvəlcədən razılaşdırılmış evliliyə məcbur etməyə çalışır. Sosial təzyiqlər və Zaurun anası (Zərnigar Ağakişiyeva) tərəfindən Təhminəyə davamlı zənglər sonda onların münasibətlərində problemlər yaradır və onların ayrılmasına səbəb olur.
Valideynlərinin məsləhətini dinləyən Zaur Firəngizlə ailə qurur. Təhminə isə ürəyinin ağrısını sakitləşdirmək üçün tənhalıqda spirtli içkilərə qurşanır. Bu vərdişinə görə Təhminə qaraciyərində problemlər yaşayır və sonda Zaur və Firəngizin İstanbulda keçirdiyi bal ayı zamanı sirrozdan dünyasını dəyişir.