1993 Fəryad “Ögey ana” filminin baş qəhrəmanı - balaca İsmayıl artıq böyüyüb, ailə sahibi olub. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. O, əsirlikdə də öz mərdliyini itirmir.
Filmdə təsvir olunan hadisələr real faktlara əsaslanır.
Xocalı faciəsi ilə bağlı kadrlar Goranboyda Murovdağ ətəklərində çəkilib. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.
1985 Bəyin oğurlanması Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.