1970 O qızı tapın Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır.
Özünə 'satış bazarı' axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də 'dostları' qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar.
Film insanları düzlüyə, doğruluğa çağırır.
1962 Telefonçu qız Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın (Raisa Nedaşkovskaya) taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakiri (Nodar Şaşıqoğlu) dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.