1991 Şirbalanın məhəbbəti Burada filmin qəhrəmanı Şirbalanın (Hacıbaba Bağırov) məzəli və əyləncəli məhəbbət sərgüzəştlərindən danışılır.
1978 Qayınana Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar (İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı… Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.
1991 Girişmə, öldürər! Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə 'Azərbaycan' gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib 'Şimşimə' kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir.
1987 Kişi sözü Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...