1993 Fəryad “Ögey ana” filminin baş qəhrəmanı - balaca İsmayıl artıq böyüyüb, ailə sahibi olub. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. O, əsirlikdə də öz mərdliyini itirmir.
Filmdə təsvir olunan hadisələr real faktlara əsaslanır.
Xocalı faciəsi ilə bağlı kadrlar Goranboyda Murovdağ ətəklərində çəkilib. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.
1987 Kişi sözü Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...