Все фильмы
2012 Dolu Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. Смотреть
2016 Həddən artıq uyğunluq Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?
Filmin çəkilişi İçərişəhər, Qusar və ABŞ-ın Nyu York şəhərində aparılıb. Смотреть
2014 Küçələrə su səpmişəm Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib. Смотреть
2022 Mərmər soyuğu Əkbər həyat yoldaşını qətlə yetirdiyinə görə 10 il həbs çəkdikdən sonra gözlənilmədən azad edilir. Evə döndüyündə oğlu Xalid bu qətlin səbəbini bilmək istəyir. Sevgilisi Ayan da Xalidə atasının sirli keçmişini öyrənməyi təklif edir. Смотреть
2002 Ovsunçu Filmdə bolşeviklərin Sovet hakimiyyəti quruculuğu illərində Azərbaycanın ucqar bölgələrində sovet quruluşunu qəbul etməyən insanlara qarşı törətdikləri özbaşınalıq və amansızlıqlardan bəhs olunur.
Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə mübarizəyə qalxır. Смотреть
1995 Həm ziyarət, həm ticarət 'Ad günü'ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: 'Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur'. Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Смотреть
1998 Otel otağı Alim Kərim Əsgəroğlu Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Kərim çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.
Film Anar Rzayevin “Sıraselvilərdə bir otel otağı” povestinin motivləri əsasında çəkilib. Смотреть
2010 İstanbul reysi Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimzin ayrı-ayrı qütblərində təklənən 2 nəfərdən – kişi və qadından bəhs edir. Onların biri imkanlı, biri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və buna nail olurlar. Ancaq son ana qədər bu bötüvlüyü qoruyub saxlamaq mümkün olmur. Смотреть
2012 Çölçü Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir və Çölçünün həyatına öz nağılını qatıb onun həyatını dəyişir… Смотреть
2017 Nar bağı Qabil 12 il əvvəl, heç kimlə sağollaşmadan, gizlin tərk etdiyi evinə geri dönür. Bu müddət ərzində doğma kənddə bir çox dəyişiklər olub, amma vaxtı ilə əzizlərinə vurduğu dərin emosional yaralar hamının xatirindədir və asanlıqla unudula bilməz. Смотреть
1991 Bəxt üzüyü Filmin süjeti ailə-məişət münaqişəsi fonunda üzüyün itməsilə başlayır. Saranın 'bəxt üzüyü'nün itdiyi iddia olunur və bu hadisə ailədaxili və sosial münasibətləri sarsıdır. Hadisələrin inkişafı zamanı üzüyün itməsinin ətrafında müxtəlif fərqli insan tiplərinin xarakterləri, davranış modelləri və sosial statusları üzə çıxır. Zahirən komediya janrında qurulan film əslində geniş sosial və fəlsəfi məzmun daşıyır.
Filmdə təqdim edilən personajlar cəmiyyətin müxtəlif təbəqə və davranış modellərini təmsil edir. Moşu – bacarmadığı sahələrdə fəaliyyət göstərən, lakin ailəsinə bağlı kişi tipidir. Söylü – şəhər mühitinə uyğunlaşa bilməyən, kənd mentalitetini daşıyan obrazdır. Sədaqət – əxlaq normalarına etinasız yanaşan, sərbəst həyat tərzi sürən şəxsləri təmsil edir. Rasim – rüşvətxor, şəxsi maraqlarını ön planda tutan və sosial pozuntulara biganə münasibət göstərən obrazdır. Hüseyn – yetimxanada böyüyən, həyat çətinliklərinə uyğunlaşa bilməyən və cəmiyyətin mənəvi deformasiyasından əziyyət çəkən şəxsdir. Filmdə üzüyün kim tərəfindən götürüldüyü məsələsi də ideya baxımından vacibdir. Əsərdə üzüyü Hüseynin götürərək satdığı göstərilsə də, film versiyasında üzüyün sadəcə olaraq itdiyi bildirilir. Bu dəyişiklik süjet xəttinə fəlsəfi yük əlavə edir: üzük burada təkcə əşya deyil, həm də simvolik olaraq xalqın və ya cəmiyyətin 'bəxti', ümumi harmoniyası kimi yozulur. Bu 'itki' müxtəlif personajların daxilən və sosial olaraq deformasiyaya uğraması ilə nəticələnir. Смотреть
1985 Bəyin oğurlanması Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. Смотреть