Все фильмы
2016 Axınla Aşağı Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi (Aleksandra Andreyevska) ona birlikdə xaricə getməyi təklif edir. Hər dəfə bu təklifə Əli tərəddüd edir. Əli daxilən özünü tənha hiss edir. Və xoşbəxtliyi öz ailəsində deyil başqalarında axtaran zəif iradə sahibi və qərarsız biridir. Bu xarakteri də onun ailəsində problemlər yaradır. Qonşu qadın (Gülşad Baxşıyeva) onun həyat yoldaşı Leylaya (Mehriban Zəki) ərinin başqasıyla görüşdüyünü eyham vurur. Leyla isə əsl fədakar azərbaycanlı qadın tipajıyla qonşuya mən ona inanıram deyə cavab verir.
Əlinin oğluyla (Elmin İmamverdiyev) problemləri də filmin əsas mövzularından biridir. İlk səhnədən o oğlunu digərlərinin yanında təhqir edir və başqalarının yanında mənə ata demə deyə onu alçaldır. Ata oğlunu avarçəkənlərin kapitanı etsə də, sonradan idman yarışlarına az qalmış oğlunun kapitan 'rütbə'sini əlindən alıb, başqasına verir. Bu hadisədən sarsıntı keçirən oğlan özünü suya atır və qeybə çəkilir.
Əli və Leylanın öz itkin düşmüş oğullarını axtarması filmin əsas hissəsinə çevrilir. Bu axtarış onların dağılmış ailəsini nisbətən təmir etməyə başlayır. Peşmançılığı üzünə yansıyan Əlinin bu iztirablı axtarışı, Leylanın keçirdiyi daxili təlatüm müəllif tərəfindən dəqiq göstərilmişdir. Onlar oğullarını axtarmaq məqsədilə birləşirlər və belə anda onları polşalı qadın da ayıra bilmir Смотреть
2016 İçəri şəhər Hadisələr müasir Bakıda baş verir. Arzu gənc qızdır, o məktəbi bitirmək üzrədir və Tibb universitetinə daxil olmağa hazırlaşır. Peşə seçimində o qədər də azad deyil. Onun anası Səbinə qızının həyatını istədiyi kimi qurmaq istəyir.
Səbinə yaxşı cərrahdır və qızının gələcəyini yalnız tibb aləminə bağlı görür. Səbinə həmçinin, imkanlı rəfiqələrinin oğulları arasında qızı üçün evlənə biləcəyi oğlan axtarışındadır. Bu barədə qızının nə düşündüyü onu maraqlandırmır.
Arzu bu mənfəətpərəst mühitə müqavimət göstərir. O, həm də musiqi dərslərinə gedir. Bu dərslər zamanı, müəlliməsi Nərgiz xanımın oğlu Rafael ilə tanış olur. Öncə Rafael Arzunun qəlbində qarışıq hisslər oyadır, amma sonradan Arzu onu sevdiyini anlayır. Rafael və Arzu arasında yaş fərqi böyükdür. Rafael çətin həyat yaşayıb, müharibədə yaralanıb, kontuziyadan sonra uzun müddət xəstəxanada müalicə alıb. Onlar arasında müsiqiyə olan sevgidən başqa heç bir şey yoxdur. Amma, bu yetərlidir ki, aralarında sevgi yaransın.
Vəziyyətin gərginləşməsinə səbəb həm də odur ki, Arzuya varlı ailədən olan, yaxınlarda Londondan qayıdan Əli də vurulub. Səbinə və Rəna rəfiqədirlər, onlar uşaqlıqdan bir-birini tanıyırlar və düşünürlər ki, uşaqlarının xoşbəxtliyi onların əlindədir.
Arzunun seçimi nə olacaq? O, ya anasının dediklərini edib, maddi stabillik əldə edəcək, ya da Rafaellə qalıb çətin həyat sürəcək. Amma musiqinin cazibəsi keçsə, ahəng isə adi həyatın səs-küyündə batsa, o zaman nə baş verəcək?... Смотреть
2014 Küçələrə su səpmişəm Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib. Смотреть
1998 Otel otağı Alim Kərim Əsgəroğlu Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Kərim çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.
Film Anar Rzayevin “Sıraselvilərdə bir otel otağı” povestinin motivləri əsasında çəkilib. Смотреть
2008 Düyün Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.
Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur. Смотреть
2024 Azərbaycan Atabəyləri Filmdə 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət olan Atabəylər dövlətinin qurucusu Atabəy Şəmsəddin Eldəniz və Azərbaycanın I böyük atabəyi Qara Sunqurun həyatından bəhs olunur. Смотреть
2008 Yalançılar Dul qadın xoşbəxtliyini axtarır. O, tənhalıqdan qurtulmaq üçün yenidən ailə qurmaq istəyir, bunun üçün də internetdən istifadə etməyi qərara alır. Смотреть